Meta Reklamlarında Hədəf Kütlə. Hədəf Kütlə Nədir?

Müəllif
8 dəqiqə oxuma

Ödənişsiz SMM kursu dərs 3

Rəqəmsal marketinqdə məhsul və ya xidmətin kimə yönəldiyi çox vacibdir. Bu məqsədlə hədəf kütlə anlayışından istifadə olunur. Hədəf kütlə, məhsul və ya xidmətin ən uyğun olduğu və maraq göstərə biləcək insan qrupudur. Məsələn, uşaq oyuncaqları satan bir brendin əsas hədəf kütləsi valideynlərdir. Hədəf kütləni düzgün müəyyən etmək, reklamın daha effektiv yayımlanmasına, reklam xərclərinin düzgün şəkildə istifadə olunmasına və satışların artmasına birbaşa təsir edir. Hədəf kütlənin müəyyən edilməsində istifadə olunan əsas meyarlar bunlardır:

  • Yaş qrupu
  • Cins
  • Coğrafi mövqe
  • Maraq sahəsi

Hədəf kütlə yalnız məhsul və xidmətlər üçün deyil, eyni zamanda mesajın dili, vizual üslubu və platforma seçimi üçün də müəyyənedici rol oynayır. Yəni hədəf kütlə, reklamın kimə çatdırılacağını deyil, eyni zamanda necə çatdırılacağını da müəyyən edir.

Meta Ads Manager-də Hədəf Kütlə Növləri

Meta Ads Manager-də bir reklam kampaniyasına başlamazdan əvvəl onu kimlərə göstərəcəyinizi müəyyən etməlisiniz. Bunun üçün hədəf kütlə yaratmalısınız. Meta Ads Manager-də hədəf kütlə məqsədə uyğun olaraq üç növə ayrılır.

  • Yadda saxlanılmış hədəf kütlələrSaved Audiences
  • Xüsusi hədəf kütlələrCustom Audiences
  • Bənzər hədəf kütlələrLookalike Audiences

Gəlin bunlara daha yaxından baxaq və hər birinin necə istifadə olunduğunu birlikdə araşdıraq. Qeyd etmək istəyirəm ki, dərsin sonundakı videoda bu hədəf kütlələrin praktik olaraq necə yaradıldığını addım-addım görəcəksiniz. Ancaq bu məlumatları əvvəlcədən öyrəndikdən sonra videodakı addımları daha asan anlayacaq və öyrəndiklərinizi daha rahat tətbiq edə biləcəksiniz.

Yadda Saxlanılmış Hədəf Kütlələr

Yadda saxlanılmış hədəf kütlələr sosial media marketinqi mütəxəssisləri üçün ən uyğun seçimlərdən biridir. Bir məhsulun potensial müştərilərini tapmaq üçün həmin məhsula maraq göstərən insanların maraq sahələrini, demoqrafik məlumatlarını və davranışlarını müəyyən edərək reklamlarınızı bu kütləyə yönləndirə bilərsiniz. Bu şəkildə reklamlarınızı düzgün hədəf kütləyə çatdırıb qısa müddətdə yüksək nəticələr əldə etmək mümkün olur. Tutaq ki, klassik kişi ayaqqabıları satırsınız. Satdığınız məhsul üçün təxminən aşağıdakı kimi bir hədəf kütlə müəyyən edə bilərsiniz:

  • Yaş: 25–45
  • Cins: Kişi
  • Bölgə: Bütün ölkəyə satış edirsinizsə bütün ölkəni, müəyyən bir bölgədə satış edirsinizsə həmin bölgəni seçə bilərsiniz.
  • Maraq sahələri: Ayaqqabı, kişi ayaqqabısı, klassik ayaqqabı, klassik geyim, moda və trendlər
  • Davranışlar: Onlayn alış-veriş edənlər, işgüzar səfərə çıxanlar, premium məhsul alanlar

Bu kiçik hədəf kütlə nümunəsində də göründüyü kimi, məhsulunuzun alıcısının kim olduğunu, nələri sevdiyini bilmək çox vacibdir. Əgər müştəriləriniz haqqında heç bir fikriniz yoxdursa, süni intellekt alətlərindən yararlana bilərsiniz. Hədəf kütlə yaradılarkən süni intellektlərdən fikir alaraq bu prosesi daha asan həyata keçirə bilərsiniz.

Xüsusi Hədəf Kütlələr

Meta-da xüsusi hədəf kütlə, sizinlə əvvəlcədən hər hansı bir qarşılıqlı əlaqə qurmuş insanları yenidən hədəfləmək üçün güclü bir alətdir. Mobil tətbiqinizdə qeydiyyatdan keçənlər, saytınıza daxil olub alış-veriş etməyənlər, videolarınızı müəyyən bir faizə qədər izləyənlər, Instagram və ya Facebook səhifənizlə bəyənmə, mesaj, paylaşım kimi qarşılıqlı əlaqə quranlar, potensial müştəri formasını dolduranlar və məhsul kataloqunuza baxan və ya səbətə əlavə edən istifadəçilərdən xüsusi hədəf kütlə yarada bilərsiniz. Məsələn, onlayn geyim mağazanızın videosunun yarısından çoxunu izləyən istifadəçilərə, məsələn, “İndi al, %20 endirim qazan” reklamını göstərərək sizi artıq tanıyan insanlara məhsullarınızı çatdıra bilərsiniz. Bu üsulla həm reklam xərcini azaldar, həm də satış ehtimalını artırarsınız. Bu proses yenidən hədəfləmə adlanır və dərsin davamında bu mövzu ilə bağlı ətraflı məlumat alacaqsınız. Xüsusi hədəf kütlələrlə aşağıdakı sahələrdə hədəfləmə edə bilərsiniz:

  • Sayt davranışları: Məhsullara baxanlar, səbətə əlavə edənlər və ya alış-veriş edənlər
  • Mobil tətbiq davranışları: Tətbiqinizdə hər hansı bir əməliyyat həyata keçirənlər
  • Sosial media fəaliyyəti: Facebook və Instagram-da sizə mesaj yazanlar, videonuza baxanlar, bəyənən və paylaşanlar, sizi izləyənlər
  • Müştəri siyahısı: Əlinizdə olan telefon nömrələri və ya e-poçt ünvanları
  • Fərdiləşdirilmiş seçimlər: Ada, doğum ilinə və ya doğum ayına görə hədəfləmə

Bu imkanlar sayəsində reklamlarınızı tamamilə tanımadığınız insanlara deyil, brendinizi artıq tanıyan və məhsulunuza maraq göstərmiş potensial müştərilərə yönləndirə bilərsiniz.

Bənzər Hədəf Kütlələr

Bənzər hədəf kütlələr, əvvəlcədən yaratdığınız xüsusi hədəf kütləyə bənzəyən yeni insanları tapmağa imkan verir. Meta Ads Manager alqoritmi, sizin seçdiyiniz əsas kütləyə baxaraq bənzər maraq və davranış xüsusiyyətlərinə malik insanları müəyyən edir. Bu, reklamınızı daha geniş, lakin yenə də hədəflənmiş bir kütləyə göstərmək üçün ideal bir üsuldur. Məsələn, son 365 gündə Instagram-da sizə mesaj yazan insanları hədəfləyən bir xüsusi hədəf kütləniz var. Bu kütlənin bənzərini yaradaraq həmin insanlara davranış və maraq baxımından bənzəyən yeni istifadəçilərə çata bilərsiniz. Meta alqoritmi sizə mesaj yazmış insanların davranışlarını təhlil edir, hansı paylaşımları bəyəndiklərini, hansı səhifələrə mesaj yazdıqlarını, hansı məzmunları dostlarına göndərdiklərini araşdırır və buna əsaslanaraq sizin üçün oxşar profilə malik yeni bir kütlə tapır.

Yenidən Hədəfləmə Nədir və Niyə Vacibdir?

Bəzən insanlar sizinlə maraqlansalar da məhsul və ya xidmətinizi satın almırlar. Belə hallarda yenidən hədəfləmə texnikası işə düşür. Yenidən hədəfləmə, məhsul və ya xidmətinizlə daha əvvəl maraqlanmış, lakin hər hansı bir səbəbdən satınalma həyata keçirməmiş istifadəçiləri yenidən hədəfləmə üsuludur. Yenidən hədəfləmə eyni zamanda brendin istifadəçinin yaddaşında qalmasını təmin edərək satınalma qərarını sürətləndirə bilər. Bu texnikanı düzgün istifadə edərək potensial müştərilərin satınalma qərarına ciddi şəkildə təsir edə bilərsiniz.

Yenidən Hədəfləmə Necə İşləyir?

İstifadəçilər mesaj yazdıqda, sosial media hesablarınızla qarşılıqlı əlaqə qurduqda, saytınızı ziyarət etdikdə və ya mobil tətbiqinizi istifadə etdikdə onların davranışları izlənilir. Bu məlumatlar Meta Pixel və ya SDK kimi izləmə alətləri vasitəsilə toplanır. Daha sonra bu məlumatlara əsaslanaraq həmin istifadəçilərə fərdiləşdirilmiş reklamlar göstərilir. Bir saytın istifadəçilərini Meta-da yenidən hədəfləmək istəyirsinizsə, sayta Meta tərəfindən təqdim olunan Pixel kodları əlavə edilməlidir.

Bunu real bir nümunə ilə izah edək. Hər hansı bir alış-veriş saytında məhsullara baxdınız və onları səbətə əlavə etdiniz, lakin həmin məhsulu satın almadan saytdan çıxdınız. Daha sonra həmin məhsulun reklamını sosial mediada görməyə başladınız. Məhz bu yenidən hədəfləmədir. Sayta yerləşdirilmiş Pixel kodları sizin hansı məhsulu axtardığınızı, hansı məhsula baxdığınızı və hansı məhsulu səbətə əlavə etdiyinizi izləyir, daha sonra bu məlumatlara əsaslanaraq yenidən hədəfləmə həyata keçirilir və siz həmin saytın reklamını yenidən görmüş olursunuz.

Yenidən hədəfləmə yalnız saytlar və ya mobil tətbiqlər üçün deyil, eyni zamanda sosial media hesabları ilə də mümkündür. Məsələn, Facebook və Instagram səhifənizə son 365 gündə mesaj yazanları, videonuzun %50-dən çoxunu izləyənləri, sizi izləyənləri, paylaşımlarınızı bəyənənləri yenidən hədəfləyə bilərsiniz.

Unutmayın: kimə reklam göstərdiyiniz, nə qədər pul xərclədiyinizdən daha vacibdir. Müştəri siyahısı reklamları sizə köhnə müştərilərlə əlaqəni qorumağa, təkrar satışlar etməyə və daha az büdcə ilə daha güclü nəticələr əldə etməyə imkan verir.

Meta Ads Manager-də Hədəf Kütlə Yaratmaq. Addım-Addım İzah

Dərsi buraya qədər oxumusunuzsa, hədəf kütlələr haqqında artıq əsas məlumatlara maliksiniz. Aşağıdakı videoda isə bu məlumatları necə tətbiq edəcəyinizi, yəni Meta Ads Manager-də hədəf kütləni addım-addım necə yaradacağınızı öyrənəcəksiniz.

Bu məqaləni paylaş
Şərh edilməmiş