Reklamlar üçün vizual necə hazırlamaq lazımdır

Müəllif
11 dəqiqə oxuma

Ödənişsiz SMM kursu dərs 7

Bugünkü rəqəmsal dünyada diqqət çəkmək daha da çətinləşib. İnternetdə saysız-hesabsız maraqlı məzmunun olduğu bir zamanda, sadə və standart reklamlar artıq insanlarda heç bir təəssürat yaratmır. İzləyici sürətlə ekranı yuxarı sürüşdürür və yalnız fərqli, yaradıcı və vizual baxımdan güclü məzmunları dayanıb izləyir. Bəs diqqət çəkən və maraq oyadan reklam vizualı necə hazırlanır? Rəqiblərin içindən necə seçilmək olar? Bu dərsdə məhz bu suallara cavab tapacaqsınız. Sizi fərqləndirəcək, izləyicinin diqqətini ilk saniyələrdə çəkəcək və mesajınızı effektiv şəkildə çatdıracaq vizual məzmunların hazırlanma üsullarını öyrənəcəksiniz.

Reklam vizualı nədir?

Reklam vizualı, bir reklamın içində yer alan bütün görüntü elementləridir. Bu elementlərə şəkillər, qrafikalar, video kadrları, animasiyalar və dizaynlar daxildir. Vizualın əsas vəzifəsi, reklamın nə haqqında olduğunu izləyiciyə saniyələr içində çatdırmaq və verilən mesajı yadda qalan formada təqdim etməkdir. İnsan beyni vizual məlumatı mətnə nisbətən daha sürətli qəbul edir. Bu səbəbdən də reklam vizualları, xüsusilə sosial media və rəqəmsal marketingdə olduqca həlledici rol oynayır. Yaxşı hazırlanmış vizual aşağıdakı xüsusiyyətlərə sahib olmalıdır.

  • Diqqəti anında cəlb etməlidir
  • Məhsul və ya xidmət haqqında ilkin təəssürat formalaşdırmalıdır
  • Mesajı aydın və emosional çatdırmalıdır
  • Hərəkətə keçmək üçün motivasiya yaratmalıdır

Qısacası, reklam vizualı məhsul və ya xidmətin izləyiciyə təqdim edilməsinin ən vacib alətlərindən biridir. Uğurlu reklam nəticələrinin böyük hissəsi məhz effektiv vizualdan asılıdır. Hətta bəzən hədəf kütlə düzgün seçilməsə belə, güclü bir vizual düzgün reaksiyalar doğura və yaxşı nəticələr verə bilər.

Günümüzdə sosial media platformalarında müxtəlif növ reklam vizuallarından istifadə olunur. Lakin bu dərs SMM və rəqəmsal marketingə yeni başlayanlara aid olduğu üçün diqqətimizi əsasən şəkil əsaslı postlara, dizaynlara və video vizuallara yönəldəcəyik. 3D və motion dizayn kimi daha texniki və ixtisaslaşmış sahələrə toxunmayacağam, çünki bu növ vizuallar xüsusi dizaynerlər tərəfindən hazırlanır və SMM və rəqəmsal marketing mütəxəssisi olaraq sizin bu texniki detallar barədə dərin biliyə sahib olmağınız vacib deyil. Bu dərsin məqsədi, praktiki olaraq sosial mediada ən çox istifadə olunan əsas vizual növlərini başa düşmək və effektiv tətbiq edə bilməkdir.

Şəkil əsaslı reklam vizuallarında diqqət edilməli olanlanr.

Şəkil əsaslı reklam vizualları, rəqəmsal marketinq dünyasında ən çox istifadə olunan və effektiv metodlardan biridir. Xüsusilə məhsul satışı ilə məşğul olan bizneslər üçün bu vizuallar, məhsulun birbaşa və aydın şəkildə potensial müştərilərə çatdırılması üçün ideal vasitədir. İnsanların diqqətini cəlb etmək və məhsulun üstünlüklərini sürətli şəkildə vurğulamaq baxımından şəkil əsaslı reklamlar çox önəmlidir. Əgər şəkil əsaslı vizuallarınız peşəkar fotoqraf tərəfindən hazırlanmayıbsa və məhsulunuzun şəkillərini özünüz çəkirsinizsə, aşağıdakı vacib məqamlara diqqət yetirməyiniz tövsiyə olunur.

  • Məhsul şəkildən tam və aydın görünməlidir
  • İşıqlandırma təbii və balanslı olmalıdır
  • Kölgələr və bulanıqlıq görüntünün keyfiyyətini pozmamalıdır
  • Arxa fon məhsulu ön plana çıxarmalı, diqqəti yayındırmamalıdır

Bu sadə, lakin vacib qaydalara riayət etməklə, peşəkar təsir bağışlayan şəkil əsaslı vizuallar hazırlamaq mümkündür. Aşağıda isə eyni məhsulun iki fərqli şəkildə təqdim olunmuş fotosunu görəcəksiniz: biri düzgün, digəri isə səhv yanaşma ilə çəkilib.

socialskillhub

Şəkillərə baxarkən özünüzə sadə bir sual verin. “Bu iki şəkildən hansı qarşıma çıxsa, diqqətimi daha çox çəkər və məni məhsulla maraqlanmağa vadar edər?” Cavabınız, yaxşı vizualın satış və diqqət üzərində nə qədər böyük təsirə malik olduğunu açıq şəkildə göstərəcək.

Dizayn edilmiş reklam vizuallarında diqqət edilməli olanlanr.

Dizayn əsaslı vizuallar, həm məhsul, həm də xidmət təklif edən bizneslər üçün son dərəcə təsirli reklam vasitəsidir. Bu tip vizuallar vasitəsilə izləyiciyə birbaşa çağırış etmək və onu konkret hərəkətə təşviq etmək mümkündür. Dizayn edilmiş bir şəkil üzərində yerləşdirilən qısa, lakin təklifi aydın şəkildə ifadə edən mətn, sadə bir izləyicini asanlıqla potensial müştəriyə çevirə bilər. Dizayn əsaslı vizuallarda ən çox diqqət etməli olduğunuz 5 məqam bunlardır.

  • Mesajın aydın və qısa olması
  • Oxunaqlı və uyğun şrift seçimi
  • Brend rənglərinin və vizual üslubun qorunması
  • Təmiz və sadə kompozisiya
  • Gözə çarpan və diqqət çəkən çağırış (call-to-action)

Yaxşı hazırlanmış dizayn vizualı həm diqqət çəkir, həm də mesajı bir neçə saniyə içində qarşı tərəfə ötürmə gücünə malik olur. Bu tip vizualları hazırlamaq üçün peşəkar dizaynerlərdən dəstək və ya xidmət almağınızı tövsiyə edirəm. Əgər dizaynları özünüz hazırlamaq istəyirsinizsə, aşağıdakı alətlər həm vaxtınıza qənaət edəcək, həm də peşəkar görünüşlü vizuallar hazrılamağınıza kömək edəcək.

Bu alətlərlə, dizayn təcrübəniz olmasa belə, diqqət çəkən və satış yönümlü vizuallar hazırlaya bilərsiniz. Əsas məsələ sadəlik, oxunaqlılıq və mesajın net çatdırılmasıdır. Artıq süni zəkaların popular olduğu dövrdə yaşayırıq. Bu dizayn alətlərindən başqa, reklam vizuallarınızı süni zəkalarla da dizayn edə bilərsiniz.

Video reklam vizuallarında diqqət edilməli olanlar

Video məzmunlar, sosial media istifadəçilərinin diqqətini çəkən ən güclü vasitələrdən biridir. Statistikalara əsasən, istifadəçilər video məzmunları digər formatlara nisbətən daha çox izləyir və paylaşır. Buna görə də, düzgün hazırlanmış video vizuallar, həm brend dəyərini artırmaq, həm də satışları yüksəltmək üçün əvəzsiz rola malikdir. Xüsusilə ilk 3-5 saniyə izləyicinin diqqətini çəkmək üçün kritik əhəmiyyət daşıyır. Aşağıda uğurlu video reklam vizualı hazırlamaq üçün diqqət etməli olduğunuz əsas məqamları təqdim edirəm.

İlk  3 saniyədə maraq oyadın.

Rəqəmsal platformalarda istifadəçilər video məzmunlara son dərəcə sürətli reaksiya verirlər. Əgər ilk 3–5 saniyə ərzində izləyicinin diqqətini çəkə bilməsəniz, videonuz böyük ehtimalla heç baxılmadan keçiləcək. Bu səbəblə, videonun başlanğıcı qızıl dəyərindədir və onu ən təsirli şəkildə istifadə etməlisiniz. Ən çox rast gəlinən səhvlərdən biri videoya belə bir girişlə başlamaqdır. “Salam, dəyərli izləyicilər! Biz X şirkəti olaraq sizə bu məhsulu və ya x idməti təqdim edirik.” Bu tip cümlələr artıq adiləşib və izləyicinin diqqətini çəkməkdə uğursuzdur. Üstəlik, belə bir girişlə siz artıq videonun ən vacib ilk 5 saniyəsini itirmiş olursunuz. Əvəzində, izləyicinin problemini və marağını hədəfləyən bir başlanğıc seçin. Məsələn aşağıdakılar kimi.

  • Səhər oyandığınızda bel ağrısından əziyyət çəkirsiniz?
  • Sosial mediada reklam etdiniz, amma satış gəlmədi?
  • Yalnız 3 saniyədə diqqəti necə ələ keçirmək olar? Gəlin göstərim!

Bu cür problemi vurğulayan, sualla başlayan və ya birbaşa maraq doğuran girişlər, izləyicinin videonu izləməyə davam etməsi üçün səbəb yaradır.  İlk 3 saniyə videonuzun diqqət çəkməsi  və ya sürüşdürülməsi arasında olan incə xəttdir. Bu saniyələri dəyərli edin və izləyiciyə “bu videoda mənim üçün nəsə var”  hissini yaşadın.

Dik  (vertikal) video formatı seçin

Mobil istifadəçilərin sayı günü-gündən artır və insanlar telefonlarını əsasən dik vəziyyətdə istifadə edirlər. Ona görə də video məzmunları 9:16 (vertikal) formatda hazırlamaq daha məqsədəuyğundur. TikTok, Instagram Reels və YouTube Shorts kimi platformalar məhz bu format üçün qurulub və izləyici də bu formata öyrəşib. Əgər videonuz üfüqi (16:9) formatdadırsa, mobil ekranda görüntü həm kiçik görünür, həm də maraq doğurmur. Bu isə izləyicinin videonu keçib getməsi ilə nəticələnə bilər. Platformaya uyğun format seçmək yalnız görüntü keyfiyyəti yox, həm də videonun performansı baxımından çox önəmlidir.

Üstəlik, sosial media platformalarının əksəriyyətində reklamların göstərildiyi sahələr də əsasən vertikal videolar üçün nəzərdə tutulub. Əgər reklam üçün başqa formatdan istifadə etsəniz, videonuz bəzi yerlərdə yarımçıq və natamam görünə bilər. Bu da həm peşəkar görünüşə, həm də reklamın effektivliyinə mənfi təsir edir.

Brend elementlərini daxil edin

Videolarda loqo, brend rəngləri, şüar və əlaqə məlumatları kimi brend elementləri mütləq yer almalıdır. Bu, izləyicinin sizi tanımasına, yadda saxlamasına və brendə güvənməsinə kömək edir. Brendin vizual üslubunun hər videoda ardıcıl olması həm peşəkar görünür, həm də izləyicidə “mən bu brendi tanıyıram” effekti yaradır.

Musiqi və səs effektləri ilə emosional təsir yaradın

Videolarda musiqi seçimi və səs effektləri izlənmə sayına və videonun ümumi statistikasına  birbaşa təsir edir. Çox zaman trenddə olan musiqilərdən istifadə edilməsi tövsiyə olunur, çünki bu, videonun daha çox insana çatmasına kömək edə bilər. Amma sırf “trenddir” deyə uyğun olmayan bir musiqini seçmək, videonun izlənməsini yüksəltməz, əksinə, videonun effektini zəiflədə və izləyicidə mənfi təəssürat yarada bilər. Musiqi mütləq videonun ruhuna uyğun olmalıdır enerjili məzmuna canlı ritmlər, emosional mövzularda isə sakit və yüngül melodiyalar daha çox işləyir. Həmçinin, təqdimat videolarında istifadə olunan incə səs effektləri klik səsləri, keçid tonları və buna bənzər effektlər videoya dinamika qatır və diqqəti əsas məqamlara yönəldir. Yəni musiqi və səs təkcə fon deyil, videonun hissiyatını formalaşdıran vacib bir alətdir.

Hərəkətə keçirici mesaj (Call-to-Action) əlavə edin

Videonun sonunda izləyiciyə nə etməli olduğunu aydın şəkildə göstərmək vacibdir. Yaxşı hazırlanmış bir video izləyicinin marağını oyadıb diqqətini çəkə bilər, amma bu kifayət eləmir. İzləyicini hərəkətə keçirməlisiniz. Bunun üçün Call-to-Action (CTA) adlanan çağırışlardan istifadə olunur. Aşağıda bəzi hərəkətə keçirici mesaj nümunələrini görə bilərsiniz.

  • İndi sifariş et
  • Linkə kliklə və daha ətraflı öyrən
  • Əlaqə üçün bizə yaz
  • Səhifəmizi izlə və yeniliklərdən xəbərdar ol

Bu cür çağırışlar izləyicinin nə edəcəyini düşünməsinə ehtiyacı olmadan ona konkret istiqamət verir. Nə qədər sadə və birbaşa olsa, o qədər təsirli olur. CTA həm videonun mətnində, həm səsləndirmədə, həm də dizaynda yer ala bilər (məsələn, ekranın sonunda düymə formasında).  İzləyici videonu sevsə belə, bir çağırış yoxdursa, çox güman ki, heç nə etmədən videodan çıxacaq. Amma sadə bir “indi al” və ya “əlaqə saxla” mesajı ilə sən onu potensial müştəriyə çevirə bilərsən.

Videolarda alt yazılardan istifadə edin

Videoda alt yazılardan istifadə etmək çox vacibdir. Çünki bir çox insan videonu səssiz izləyir, alt yazı isə mesajın tam çatmasına kömək edir. Həm diqqəti artırır, həm də izləyicilərin videonu daha yaxşı anlamasını təmin edir. Bu yolla videonuz daha geniş kütləyə çatır və izlənmə şansı yüksəlir.

Reklam vizualları hazırlamaq əsl sənətdir və burada əsas məqsəd izləyicinin diqqətini çəkməkdir. Öyrəndiklərinizi tətbiq edin, təcrübə toplayın və öz tərzinizi yaradın. Unutmayın, yaxşı vizual, uyğun musiqi və aydın çağırış sizi rəqiblərinizdən fərqləndirəcək. İndi isə növbə sizdədir. Yaradıcılığınızı işə salın və uğur qazanın!

Tez-tez verilən suallar

Dərsin sonua çatdınız

Sosial media marketinqini daha dərindən öyrənmək istəyirsinizsə, Ödənişsiz SMM Kursumuza baxmağınızı tövsiyə edirik.

Bu məqaləni paylaş
Şərh edilməmiş