Meta business suite nədir və nə işə yarayır?

Müəllif
4 dəqiqə oxuma

Ödənişsiz SMM kursu

Meta business suite, Meta tərəfindən hazırlanmış, Facebook və İnstagram hesablarınızı bir yerdən idarə edə biləcəyiniz idarə etmə platformudur. Meta business suite əsasən biznes sahibləri, sosial media marketing menecerləri və marketingin digər qollarında fəaliyyət göstərən şəxslər üçün əlverişli platformadır. Meta business suite sosial mediada işləri asanlaşdıran və idarəetməni tək bir paneldə birləşdirən bir admin panelidir. Bu admin panel ilə aşağıdakı işləri rahatlıqla edə bilərsiniz.

  • Post paylaşmaq və planlaşdırmaq
  • Mesajlara və şərhlərə cavab vermək
  • Statistikaları izləmək
  • Bir neçə səhifəni və hesabı eyni yerdən idarə etmək
  • Komanda ilə işləmək

Bu saydıqlarım buz dağının görünən qismidir. Meta business suite bu və bunun kimi bir çox üstünlüyü ilə istifadəçilərin işini asanlaşdırır. Gəlin yuxarıda saydığımız üstünlükləri  bir bir incələyək.

Post paylaşmaq və planlaşdırmaq

Meta Business Suite sizə Facebook və Instagram üçün eyni anda və ya fərqli vaxtlarda paylaşımlar yaratmaq və onları avtomatik planlaşdırmaq imkanı verir. Bu xüsusiyyət sayəsində bir həftəlik və ya aylıq kontentinizi əvvəlcədən hazırlayıb rahatlıqla idarə edə bilərsiniz. Bu, həm vaxtınıza qənaət edir, həm də sosial media fəaliyyətlərinizin davamlı olmasına kömək edir. Postları necə və hansı aralıqlarla paylaşmağınızı Meta Business Suite də post plan qurmaq, post paylaşmaq və post planlamaq adlı dərsimizdən daha ətraflı öyrənə bilərsiniz.

Mesajlara və şərhlərə cavab vermək

İnstagram və Facebook səhifələrinizə gələn mesajlar və şərhlər tək bir yerdə toplanır. Siz ayrı-ayrı platformalara yəni İnstagram və Facebooka keçmədən bütün mesajlara və şərhlərə Meta Businessin mesajlaşma panelindən cavab verə bilərsiniz. Bu da müştəri xidmətləri və izləyici münasibətləri baxımından böyük üstünlükdür.

Statistikaları izləmək

Meta Business Suite-də detallı analitik məlumatlar əldə edə bilərsiniz. Bunlara aiddir.

  • Paylaşımların neçə nəfərə göstərildiyi
  • İzləyici artımı
  • Ən yaxşı performans göstərən kontentlər

Bu və daha artıq məlumatlar sayəsində nəyin işlədiyini, nəyin isə inkişaf etdirilməli olduğunu asanlıqla görə bilərsiniz. Bu cür analitik məlumatları necə təhlil etmək lazım olduğunu Meta Business Suite-də Statistika və Analitik Məlumatların Təhlili adlı dərsimizdən öyrənə bilərsiniz.     

Bir neçə səhifəni və hesabı eyni yerdən idarə etmək

Əgər bir neçə brendə və ya layihəyə aid səhifəniz və ya İnstagram hesabınız varsa, onları ayrı-ayrı hesablara keçmədən eyni paneldən rahatlıqla idarə edə bilərsiniz. Bu xüsusilə agentliklər və SMM menecerləri üçün vaxt və səmərəlilik baxımından böyük üstünlükdür. Hesablar arasında bir kliklə keçidlər edə bilər və rahatlıqla hesablarınızı idarə edə bilərsiniz.

Komanda ilə işləmək

Meta Business Suite sizə komanda üzvləri ilə birgə işləmək imkanı verir. Bu platforma üzərindən digər istifadəçilərə fərqli səlahiyyətlər verərək, hesabın idarə olunmasını heç bir şifrə paylaşmadan onlara həvalə edə bilərsiniz. Məsələn bir biznes sahibisiz və Meta business suite hesabınızı SMM menecerə həvalə etmək istəyirsiniz. Ona heç bir şifrə vermədən mail adresinə Meta Business Suite hesabını idarə edə bilməsi üçün dəvət göndərə bilərsiz. Beləcə facebook şifrənizi paylaşmadan təhlükəsizliyinizi tam qorumuş olursunuz.

Meta Business Suite hesabının Açılması

Təbrik edirəm! Dərsi buraya qədər oxuyaraq Meta Business Suite haqqında ilkin və vacib məlumatları artıq mənimsədiniz. İndi isə öyrəndiklərinizi praktiki olaraq tətbiq etmək zamanıdır. Aşağıdakı videonu izləyərək Meta Business Suite hesabının sıfırdan necə açıldığını, eləcə də Facebook səhifənizlə Instagram profilinizi bu paneldə necə düzgün birləşdirəcəyinizi addım-addım öyrənə bilərsiniz.

Bu məqaləni paylaş
Şərh edilməmiş