Ödənişsiz Google Adsense Pul Qazanma Kursu – Dərs 5
Bu dərsdə Ads.txt nədir və AdSense Ads.txt faylı nə işə yarayır suallarının cavabını tapacaqsınız. Mövzunu həm nəzəri, həm də praktik şəkildə izah edəcəm. Addım-addım izahlı videolar vasitəsilə Ads.txt faylını necə yaradacağınızı və onu WordPress və Blogger üzərində qurduğunuz sayta necə yerləşdirmək lazım olduğunu rahat şəkildə öyrənəcəksiniz. Dərsin sonunda isə bu prosesi öz saytınızda tətbiq edə biləcəksiniz.
Ads.txt faylı nədir? Nə üçün lazımdır?
Ads.txt faylı veb saytın reklam yayımlamağa icazə verdiyi tərəfdaşları açıq şəkildə göstərən sətri əsaslı sadə bir fayldır. Yəni siz bu faylı saytınıza yerləşdirərək hansı platformların saytınızda reklam göstərdiyini bəyan etmiş olursunuz. Google Adsense də veb saytında reklam göstərmək istəyən şəxslərdən Adsense Ads.txt faylını sayta yerləşdirməsini tələb edir. Bu fayl, reklam sahəsində şəffaflığı və təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulmuşdur. Ona görə də Ads.txt faylını sayta yerləşdirmək məcburidir. Bu faylı sayta yerləşdirməsəniz reklamlarınız yayımlanmaya, məhdud şəkildə yayımlana və ya saytınız Adsense tərəfindən bloklana bilər. Bu kimi halların olmaması üçün faylı sayta yerləşdirmək lazımdır.
Blogger ilə açılmış sayta ads.txt faylının yerləşdirilməsi
Blogger platformasında Ads.txt faylını yerləşdirmək olduqca sadədir, çünki bu funksiya sistem tənzimləmələrinə daxili olaraq əlavə olunub. Aşağıdakı videoda gördüyünüz kimi, hər hansı kod redaktəsinə ehtiyac olmadan, sadəcə Google AdSense panelindən əldə etdiyiniz xüsusi kodu kopyalayıb idarəetmə panelindəki müvafiq xanaya yerləşdirməyiniz kifayətdir. Bu addımı düzgün şəkildə tamamladıqdan sonra Google botları qısa müddət ərzində saytınızı yenidən indeksləyəcək və reklam yayımlama icazənizi təsdiqləyəcək.
WordPress ilə açılmış sayta ads.txt faylının yerləşdirilməsi
WordPress ilə açılmış sayta ads.txt faylını yerləşdirmək də olduqca rahatdır. Əgər saytı özünüz qurmusunuzsa və onu reklam üçün hazır vəziyyətə gətirmisinizsə, ads.txt faylını əlavə etmək sizin üçün çətin olmayacaq. Aşağıdakı videoda WordPress ilə yaradılmış sayta ads.txt faylını necə yerləşdirəcəyinizi öyrənəcəksiniz.


