Meta Ads Manager nədir? nə işə yarayır? Meta Ads Manager hesabı necə açılır?

Müəllif
8 dəqiqə oxuma

Ödənişsiz SMM kursu dərs 2

Bir biznesin varlığını sürdürə bilməsi, inkişaf edə bilməsi və qazanc əldə edə bilməsi üçün satış etməyi vacibdir. Satış üçün tanınmaq, tanınmaq üçün reklam lazımdır. İllərdir ki bu döngü davam edir. Ancaq nəzərə almaq lazımdır ki bu gün rəqəmsal dövrdə yaşayırıq və insanlar rəqəmsal platformalarda daha çox vaxt keçirir. Bu da o deməkdir ki artıq, reklamlar üçün televiziya radio və ya buna bənzər ənənəvi marketing üsulları biznesin inkişafı üçün bəs etmir. Rəqəmsal reklamlara da üstünlük vermək lazımdır.  Günümüzdə rəqəmsal reklamlar dedikdə ən çox ağıla gələn üç reklam platforması var.

  • Google reklamları
  • Meta reklamları
  • Tiktok reklamları

Bu siyahını bir az da artıra bilərik ancaq günümüzdə ən çox istifadə olunan 3 reklam platforması bunlardır. Bundan öncəki dərsdə Meta business suite nədir və nə işə yarayır? mövzusunu öyrənmişdirk. Bu dərsdə isə Meta reklamlarını öyrənəcəksiniz. Meta Ads Manager nədir? nə işə yarayır? Meta Ads Manager hesabı necə açılır? Suallarına addım addım cavab tapacaqsınız.  

Niyə meta reklamlarından istifadə etməliyik?

Meta reklamlarından istifadə etmək üçün tutarlı səbəblər çoxdur. Burada tək səbəb metanın sahib olduğu milyardlarla istifadəçi sayı deyil. Gözlə görmədiyiniz və heç vaxt heç bir yerdə eşitmədiyiniz səbəblər var. Bu səbəblərdən bir neçəsi aşağıdakılardır.

  • Geniş auditoriyya imkanları
  • Potensial müştəriləri hədəfləyə bilmə imkanı
  • Nəticələrin ölçülə bilməsi
  • Kiçik büdcələrlə başlaya bilmə imkanı
  • Potensial müştərilərə təsir etmə imkanlarının olması
  • Böyük, orta və kiçik bizneslərin hər biri üçün istifadə imkanları
  • E-ticarət sistemlərinə qoşula bilmə və analiz etmə imkanlarının olması

Bunlar Meta reklamlarının sadəcə ilk baxışda görünən üstünlükləridir. Platformanın təqdim etdiyi peşəkar alətlər və optimizasiya imkanları sayəsində bizneslər həm satışlarını artırır, həm də reklam büdcələrini daha səmərəli idarə edə bilirlər. Bu xüsusiyyətləri daha yaxından incələdikcə, niyə bu qədər çox biznesin reklam üçün Meta platformalarına üstünlük verdiyini daha aydın şəkildə anlayacaqsınız. İndi isə gəlin bu üstünlüklərin hər birinə ayrı-ayrılıqda baxaq.

Geniş auditoriyya imkanları

Meta şirkəti Facebook, Instagram və WhatsApp kimi dünyanın ən böyük platformalarına sahib olduğu üçün bizneslərə milyonlarla istifadəçiyə birbaşa çatmaq imkanı yaradır. Bu isə reklamların çox geniş auditoriyaya göstərilə bilməsi deməkdir. Metanın platformaları vasitəsilə bizneslər həm məhsularını, həm də xidmətlərini tanıda bilərlərlər. İstər kiçik biznes, istərsə də böyük şirkət olun, Meta reklamları sayəsində doğru auditoriyaya çataraq potensial müştərilərinizin diqqətini çəkə və biznesinizi daha sürətli inkişaf etdirə bilərsiniz. Bu səbəbdən Meta reklamları günümüzdə rəqəmsal marketinqin ən güclü və effektiv alətlərindən biri hesab olunur.


Potensial müştəriləri hədəfləyə bilmə imkanı

Meta reklamları vasitəsi ilə detallı hədəfləmə edərək potensial müştərilərinizi hədəfləyə bilərsiniz.Əgər hədəf kütlənin nə olduğunu bilmirsinizsə narahat olmayın, növbəti dərslərdə Hədəf kütləsi nədir? Meta da hədəf kütləsi necə yaradılır? mövzularını öyrənəcəksiniz. Ancaq bu dərsdə qısa olaraq hədəfləmə ilə bağlı bunları deyə bilərəm. Qısaca izah etsək, Meta reklamlarında insanları yaşadıqları bölgəyə, yaş aralığına, maraq dairələrinə, davranışlarına və bir çox digər xüsusiyyətlərə əsasən hədəfləmək mümkündür. Məsələn, siz reklamınızı yalnız müəyyən bir şəhərdə yaşayan, 25–35 yaş aralığında olan, texnologiya ilə maraqlanan və onlayn alış-veriş etməyə meyilli şəxslərə göstərə bilərsiniz.

Nəticələrin ölçülə bilməsi

Meta reklamlarının ən vacib üstünlüklərindən biri reklam nəticələrinin detallı şəkildə ölçülə bilməsidir. Yayımladığınız reklam kampaniyasının performansını analiz edərək reklamın nə dərəcədə diqqət çəkdiyini, auditoriyanın reklama necə reaksiya verdiyini və reklamın sizə hansı nəticələri qazandırdığını rahatlıqla öyrənə bilərsiniz. Reklam nəticələrinin ölçülə bilməsi reklam verənlər üçün böyük üstünlük hesab olunur. Çünki bu məlumatlar əsasında reklamlarınızı analiz edə, zəif tərəfləri müəyyənləşdirə və gələcək kampaniyalarınızı daha effektiv şəkildə optimizasiya edə bilərsiniz. Meta reklamlarında aşağıdakı göstəricilər üzrə ölçmələr aparmaq mümkündür.

  • Reklamın neçə dəfə göstərildiyi
  • Reklamı neçə nəfərin gördüyü
  • Reklamdan əldə olunan geri dönüşlər (mesaj, şərh, link kliklənməsi, qeydiyyat və s.)
  • Reklama xərclənən büdcə
  • Reklamın nəticə başına maliyyəti
  • Auditoriyanın reklama reaksiyası və aktivliyi

Bu və buna bənzər analitik məlumatlar sayəsində hansı reklamların daha yaxşı nəticə verdiyini görə və reklamlarınız üzərində davamlı təkmilləşdirmələr apara bilərsiniz. Nəticədə isə daha az büdcə ilə daha yüksək nəticə əldə etmək imkanınız yaranır.

Kiçik büdcələrlə başlaya bilmə imkanı

Meta reklamları üçün böyük büdcələrə ehtiyac yoxdur. Kiçik büdcə ilə işə başlaya bilər və satışlarınız artdıqca reklam büdcənizi də artıra bilərsiniz. Məsələn, gündə cəmi 3-5 dollar büdcəli reklamla belə öz məhsul və ya xidmətinizi minlərlə insanın qarşısına çıxarmaq mümkündür. Bu isə yeni başlayan bizneslər üçün risksiz reklam etməyə və hansı auditoriyanın daha çox nəticə verdiyini test etməyə imkan yaradır. Daha sonra uğurlu nəticələr əldə etdikcə reklam büdcəsini artıraraq daha geniş auditoriyaya çatmaq və satışlarınızı böyütmək mümkündür. Bu yanaşma həm reklam büdcəsinin daha düzgün idarə olunmasına, həm də minimum risklə maksimum nəticə əldə etməyə kömək edir.

Potensial müştərilərə təsir etmə imkanlarının olması

Reklam göstərdiyiniz insanların böyük qismi sizin potensial müştərinizdir deyə bilərəm. Göstərdiyiniz reklamların vizuallarını ( şəkil və videolarını ) müştərilərinizin maraq dairələrinə uyğun hazırlayaraq onların diqqətini çəkə bilər və qərarlarına təsir edə bilərsiz. Müştərilərin qərarlarına təsir etmək üçün funnels adlanan müştəri yolunu bilməlisiniz. Funnels nədir? Meta reklamlarında funnelsi necə tədbiq edə bilərik? adlı dərsimizdə bununla bağlı daha ətraflı məlumat alacaqsınız. Funnels anlayışı ilə meta reklamlarını birləşdirərək müştərilərinizin qərarlarına təsir edə bilər və satışlarınızı artıra bilərsiniz.

Böyük, orta və kiçik bizneslərin hər biri üçün istifadə imkanları

Meta reklamları təkcə nəhəng bizneslər üçün deyil.  Yuxarıda qeyd etdiyim kimi, Meta reklamlarında çox böyük büdcələrlə iş görmək vacib deyil. Kiçik büdcələrlə də iş görmək mümkündür. Meta reklamları kiçik bizneslər və biznes qurmağa çalışan az büdcəli şəxslər üçün böyük bir üstünlükdür deyə bilərəm. Bu səbəblərə görə Meta, az risklə böyük potensial təqdim edən əlverişli bir reklam platformasıdır.

E-ticarət sistemlərinə qoşula bilmə və analiz etmə imkanlarının olması

Meta reklam hesabı e-ticarət sistemlərinə çox rahatlıqla qoşula bilir. Beləcə reklamlardan sayta nə qədər trafik yönləndirilib, həmin trafik saytda hansı davranışları edib məsələn, satın alma, səbətə əlavə etmə, anket doldurma və s. onları ölçmək mümkündür. Bundan başqa sayta yönləndirilən ancaq saytdan heç bir məhsul almayan və ya səbətə əlavə edib  saytdan çıxan istifadəçiləri, qısacası saytda gözlənilən davranışı etməyən istifadəçiləri yenidən hədəfləyərək onlara məhsul sata bilərsiniz.

Meta Ads Manager hesabı necə açılır?

Bu dərsdə biz Meta Ads Manager hesabının necə açıldığını və onu Business Suite ilə necə əlaqələndirəcəyinizi addım-addım öyrənəcəyik. Meta reklam platformasında effektiv reklam idarəetməsi üçün ilk addım doğru şəkildə Ads Manager hesabınızı yaratmaq və onu Business Suite-ə qoşmaqdır. Dərsin sonunda həm Facebook, həm də Instagram reklamlarınıza bir  paneldən nəzarət edə biləcək, reklam kampanyalarınızı daha asan planlaşdıra və idarə edə biləcəksiniz. Aşağıdakı videonu izləyərək Meta Ads Manager hesabınızı rahatlıqla aça bilərsiniz.

Bu məqaləni paylaş
Şərh edilməmiş