Youtube videolarını necə analiz etmək olar?

Müəllif
9 dəqiqə oxuma

Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs17

Diqqət: Bu dərsdəki bir çox terminlər Türk dilindədir. Youtube Studiodakı bir çox terminlər Azərbaycan dilinə düzgün tərcümə olunmadığı üçün, Türk dilində olan versiya üzərindən izah etməyi üstün tutdum.

Youtube da video paylaşdıqdan 48 saat sonra həmin videonun analizini etsəniz yaxşı olar. Youtube botları 48 saat ərzində mütamadə olaraq videoları indeksləyir və ən dolğun məlumatı məhz 48 saat sonra əldə etmək olur. Analizlər videonuz haqqında sizə ilkin məlumatları verir. Bu məlumatlar əsasında videonuzun izləyicilərdə hansı təəsüratlar yaratdığını, videonuzu izləyənlərin videonuza münasibətini ölçə bilərsiniz. Youtube analitikasından əldə olunan məlumatlar gələcək videolarınızın hazırlanmasında nələri etməli olduğunuzu və ya nələri etməməli olduğunuzu deyəcəkdir. Beləliklə youtube video yaradıcılığınızda zəif və güclü tərəflərinizi aşkarlamış olacaqsınız. Əsas olan Youtube analitikasında olan analitik göstəriciləri düzgün oxumağı bacarmaq və düzgün dəyərləndirməkdir. Gəlin birlikdə youtube analitikasında hansı metrikaları analiz edəcəyimizi öyrənək.

Youtube video analizi aadım addım izah.

Youtube studioda videolarınızın adı yazılan hissənin altında 5 ədəd buton görəcəksiniz. Soldan sağa ikinci butona klik etsəniz həmin videonun analitika səhifəsinə keçid edəcəksiniz.

Video analitika səhifəsi açıldıqdan sonra qarşımıza bir çox rəqəmlər, butonlar, və ölçüm metrikaları çıxır. Burada bizə lazım olan bir neçə metrika var.Ən əvvəl analitika səhifəsində görəcəyimiz 4 bölmə var. Bunlar genel bakış, erişim, etkileşim və kitle bölmələridir.Əgər kanalınızın pul qazanma funksiyyası açıqdırsa burada əlavə bir bölmə, Gelir bölməsini də görəcəksiniz. Bu bölmələrin hər biri ayrı ayrılıqda biri birindən fərqli məlumatları verir. 

Burada bizə əsasən iki metrika lazımdır. Biri “genel bakış”, digəri isə “erişim”. Əgər kanalınızda pul qazanma aktivdirsə, “gelir” metrikasını da izləmək faydalıdır. Digər iki metrika “etkileşim” və “kitle” metrikasına baxış keçirən deyilik. Çünkü “genel bakış” və “erişim” metrikalarından əldə olunan məlumatlar bizə kifayət edir və demək olar ki kanal haqqında bu iki metrikadan bütün məlumatları ala bilərik. Əgər bu məlumatları düzgün təhlil edib düzgün qərarlar versək, həm videoların, həm də kanalın performansında ciddi artış görmək mümkündür. Nəticədə izləyici sayınız artacaq və videolarınızdan daha çox pul qazanacaqsınız.

Youtube analitikasında “Genel Bakış” metrikası

Genel bakış bölməsində videomuzun ümumi izləyici təəsuratları haqqında məlumatları görə bilərik. Görüntülənme, izlenme süresi( saat) aboneler və Gelir metrikləri əsas məlumatlardır. Bu məlumatlar əsasında video paylaşıldığı gündən bu yana videonun nə qədər izləndiyini və nə qədər qazandığını görmək olar. Videomuz ümümu neçə dəfə izlənib, bu izlənmələrdən ümumi neçə saat izlənmə əldə etmişik və həmin video vasitəsi ilə neçə abunə qazanmışıq bütün bunları görə bilərik.

Həmin səhifəni bir az aşağı sürüşdürsək daha bir metriklə də qarşılaşa bilərik. Kütləni əldə tutma adlanan bu metrik videonuzun ortalama neçə dəqiqə izləndiyini göstərir. Tövsiyə edirəm ki, videonun hansı hissələrində izləyici sayının düşdüyünü diqqətlə təhlil edin. Əgər müəyyən nöqtələrdə izləyicilər videonu tərk edirsə, həmin hissədə nə çatmadığını və ya izləyicinin marağını itirən elementləri müəyyən edin. Növbəti videolarda, videonun girişini daha cəlbedici etmək, əsas mesajı əvvəl göstərmək, tempo və montajı yaxşılaşdırmaq kimi dəyişikliklər tətbiq edərək izləyicilərin videonu daha uzun müddət izləməsini təmin edə bilərsiniz.

Bu ekran görüntüsündə 2:02 dəqiqəlik videonun ortalama 1:02 dəqiqə izləndiyini görürük. Faizlə isə bu, təxminən %51,4 edir. Bu göstərici yaxşıdır, çünki izləyicilərin yarısından çoxu videonun yarsından çoxunu izləyib. Amma bir az səy göstərərək bu rəqəmləri daha da yüksəltmək mümkündür. Növbəti videolarda bunu etmək üçün aşağıdakıları nəzərə almaq olar:

  • Video keyfiyyətini yaxşılaşdırmaq,
  • Səs keyfiyyətini artırmaq,
  • Videodakı darıxdırıcı hissələri çıxarmaq,
  • Videonu uzatmaq əvəzinə, daha qısa və cəlbedici saxlamaq,
  • Videonun temposunu artırmaq,
  • Vermək istədiyimiz mesajı dəqiq və gecikmədən çatdırmaq.

Bu sadə dəyişikliklər izləyici diqqətini artırmağa və ortalama izləmə müddətini yüksəltməyə kömək edəcək.

Youtube analitikasında “Erişim” metrikası

Youtube analitikasında “Erişim” metrikası videoda etdiyiniz SEO işlərinin nə qədər doğru edildiyini göstərir. Aşağıdakı ekran görüntüsünə diqqət edək.

Bu ekran görüntüsündə 4 metrika var. “Gösterimler” videonuzun neçə dəfə göstərildiyini, “gösterim tıklama oranı” həmin göstərimlərdən neçə faizinin klikləndiyini, “görüntülenme” isə faktiki izlənmə sayını göstərir. Yuxarıdakı nümunədə gösterim tıklama faizi %7,6-dır. Bu o deməkdir ki, video çox insana göstərilib, amma böyük əksəriyyət maraq göstərməyib və videoya klikləməyib. Məsələn, 15.2 milyon göstərimdən yalnız 1.3 milyon dəfə izlənmə olub. Bundan belə nəticəyə gəlmək olar ki, video açıqlama mətni və etiketləri başlığa uyğun yazılıb, amma videonun örtük şəkli və ya başlığı insanların diqqətini çəkməyib. Bu halda başlıq və örtük şəkli üzərində dəyişiklik etmək lazımdır. Beləliklə, videonuzun kliklənmə və izlənmə sayını artıra bilərsiniz.

Səhifəni bir az aşağı sürüşdürsəniz izləyicilərinizin videonuzu harda görüb kliklədiyini də görə bilərsiniz. Aşağıdakı ekran görüntüsündə olduğu kimi

Yuxarıdakı ekran görüntüsündə videonun izlənmələrinin YouTube-un hansı məcralardan gəldiyini görə bilərik. “Önerilen videolar” bir izləyici başqa bir video izləyərkən, ekranın sağında və ya altında tövsiyə olunan videolardır. Əgər izlənmələrin böyük bir hissəsi önerilen videolardan gəlirsə, bu, videonun YouTube tərəfindən insanlara tövsiyə olunduğunu göstərir və video üçün aparılan SEO işlərinin uğurlu olduğunu göstərir.

“Göz atma özellikleri” YouTube ana səhifəsindən gələn izlənmələri, bildirişlər və abunəliklər bölməsindən gələn izlənmələri göstərir. Qeyd edim ki, 2024-cü ildə YouTube alqoritmində etdiyi dəyişikliklə, az abunəçiyə sahib kanalların videolarını həmin kanala abunə olmayan insanlara da göstərməyə başladı. Bu, yeni başlayan kanallar üçün böyük üstünlükdür. Ancaq, alqoritm tərəfindən başqalarına göstərilə bilməsi üçün Youtube videonuzuda SEO işi düzgün aparılmalıdır. “Kanal sayfalarından gelen izlenmeler” isə, bir izləyici əvvəlcə başqa bir videonuzu izlədikdən sonra kanalınıza daxil olub həmin videonuzu izlədiyini göstərir.

Səhifəni biraz aşağı sürüşdürsəniz, videonun YouTube xaricində hansı mənbələrdən izlənildiyini də görə bilərsiniz.

Əgər yadınızda qalıbsa, “YouTube SEO nədir?” Dərsimizdə belə demişdim: “YouTube videonuz üçün SEO işi görürsünüzsə, bu yalnız YouTube axtarış sistemi üçün deyil, digər axtarış sistemləri üçün də SEO işidir.” Yuxarıdakı ekran görüntüsündə bunun nümunəsini görə bilərsiniz. Videonun izlənmələrinin böyük bir hissəsi Google və Bing axtarışlarından gəlib.

Bundan əlavə, videonuzun linkini müxtəlif saytlar, sosial şəbəkələr və WhatsApp, Telegram kimi mobil tətbiqlərdə paylaşmış ola bilərsiniz. Bu metriklərə baxaraq hansı məcranın daha çox izlənmə gətirdiyini öyrənə bilərsiniz. Beləliklə, hər yeni videonuzu həmin məcralarda paylaşaraq izləyici sayınızı artıra bilərsiniz.

Səhifənin ən alt hissəsində isə videonuzun digər kanallara aid hansı videolarda tövsiyə olunduğunu görə bilərsiniz.

Beləliklə, videonuzun açıqlama, etiket və hashtag-lardan düzgün istifadə edilib-edilmədiyini öyrənə bilərsiniz. Məsələn, fərz edək ki, siz yemək bişirmə ilə bağlı video paylaşmısınız, amma video avtomobil və ya oyun videoları arasında görünür. Bu o deməkdir ki, açıqlama mətni, etiket və hashtag-larda nəyisə düzgün yazmamısınız və YouTube botları videonuzu yanlış kateqoriyaya əlavə edib. Bu halda videonu silib yenidən paylaşmağa ehtiyac yoxdur – sadəcə başlıq, açıqlama mətni, etiket və hashtag-ları düzəldərək yenidən yazsanız, video düzgün kateqoriyada görünəcək.

Əgər dərs və ya izah edici videolar çəkirsinizsə və videolarınız insanlar tərəfindən çox axtarılırsa, “YouTube arama terimleri” metrikasını analiz etməyinizi tövsiyə edirəm. Burada istifadəçilərin hansı açar sözləri axtardıqda videonuzun axtarışda göründüyünü görə bilərsiniz. Əldə etdiyiniz açar sözlər kanalınızın konsepti və mövzularınızla uyğun gəlirsə, onları növbəti videolarınızda istifadə edə bilərsiniz. Əgər videolarınız çox axtarılmayan videolardandırsa, bu metrikaya xüsusi diqqət yetirməyə ehtiyac yoxdur.

“Gelir” metrikasında xüsusi bir təhlil aparmaq mümkün deyil, çünki YouTube videolarında çıxan reklamlara müdaxilə edə və ya hansı reklamların çıxacağını seçə bilmirik. Bu metrikanın əsas məqsədi videonun nə qədər izlənildiyi və nə qədər qazanc gətirdiyini göstərməkdir. Ona görə də gəlir metrikasında çox vaxt sərf etməyə ehtiyac yoxdur.

Bu dərsi də burada tamamlayırıq. Ümid edirəm ki, YouTube videolarının analitikası ilə bağlı sizin üçün qaranlıq qalan heç bir məqam olmadı. Yadda saxlayın ki, videoları analiz etməyin əsas məqsədi izləyiciyə daha yaxşı vide təqdim etməkdir. Ona görə də yalnız metrikalara baxmaq kifayət etmir. Hər zaman özünüzə sual verin: “Növbəti videomu daha necə yaxşılaşdıra bilərəm? İnsanlar üçün videmu daha maraqlı etmək üçün nə edə bilərəm?”

Bu məqaləni paylaş
Şərh edilməmiş