Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 8
Youtube algoritmi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə hər il cüzi dəyişikliklər edilməklə təkmilləşdirilir. Hər təkmilləşmə prosesi, algoritmi istifadəçilərə uyğunlaşdırmaq məqsədi güdür. Nə qədər dəyişiklik olsa da dəyişməyən tək bir iş prinsipi var. Youtube algoritmi istifadəçilərin davranışlarına əsasən dəyərləndirmə edir. Bu iş prinsipinin məntiqini sizə kiçik bir örnək ilə izah edim.
Fərz edək ki siz bir kafedə əyləşib kofe içirsiz. Oturduğunuz kafenin qarşısında,üç ədəd mağaza var. Bu mağazaların hər üçü, geyim mağazasıdır. Hər üç mağaza kişi geyimləri mağazasıdır. Siz oturduğunuz yerdən bu mağazaları müşahidə edirsiniz. Görürsüz ki birinci mağazaya bir müştəri daxil oldu. Beş dəqiqə sonra müştəri heç nə almadan o, mağazadan çıxıb ikinci mağazaya daxil oldu. Müştəri ikinci mağazada 20-30 dəqiqə vaxt keçirtdikdən sonra əlində bir çanta ilə mağazadan çıxdı və üçüncü mağazaya getdi. Üçüncü mağazada bir saata qədər vaxt keçirtdikdən sonra əli dolu o, mağazadan çıxdı. Kənarda oturub müşahidə edən bir şəxs kimi bu mağazalar haqqında aşağıdakı ehtimallar düşünə bilərsiniz.
- Düşünə bilərsiniz ki birinci mağazanın ya məhsulları keyfiyyətsizdir, ya məhsul çeşidi azdır, ya qiymətləri bahadır, ya da satıcı, müştəri davranışlarını bilmir. Ona görə də müştəri birinci mağazadan heç nə almadan çıxdı.
- Düşünə bilərsiniz ki, ikinci mağazanın məhsulları keyfiyyətlidir və qiymətlər münasibdir, satıcı, müştəri ilə davranış qaydalarını yaxşı bilir ancaq məhsul çeşidi az olduğu üçün müştəri bir məhsul alaraq mağazadan çıxdı.
- Düşünə bilərsiniz ki, üçüncü mağazanın həm məhsul çeşidi çoxdu, həm məhsulları keyfiyyətli və ucuzdur, həm də satıcı, müştəri ilə davranış qaydalarını çox yaxşı bilir. Ona görə də müştəri üçüncü mağazadan əli dolu çıxdı.
Bu ehtimalları göz önündə tutaraq hər üç mağazaya 100 üzərindən bir dəyərləndirmə xalı verək
- Birinci mağaza 10 xal
- İkinci mağaza 50 xal
- Üçüncü mağaza 100 xal
Youtube algoritmi də eynən bu məntiqlə işləyir. Yuxarıda geyd etdiyim örnəkdə olduğu kimi, algoritm youtube kanallarını kənardan izləyir. Və bu kanallara bir dəyərləndirmə xalı verir. Dəyərləndirmə xalı nə qədər yüksək olarsa, videoların izlənmə sayı da bir o qədər yüksək olar. Unutmayın, sizin Youtube kanalınız sizin mağazanızdır. Müştərilər, yəni videonuzu izləyən auditoriyya sizdən nə qədər çox razı qalsa bir o qədər yüksək xala sahib olarsınız. Və youtube alqoritmi sizin videolarınızı hər bir sıralama faktorunda önə çəkər. Youtube sıralaması təkcə axtarış nəticələri sıralaması deyil həm də tövsiyə olunan videolar sıralamasıdır. Algoritm videolarınızdakı istifadəçi davranışlarını analiz edir. Və bu analiz nəticəsində videolarınızı digər istifadəçilərə tövsiyə olunub olunmayacağı qərarını alır.
Videolarda hansı davranışlar Youtube algoritmi tərəfindən analiz edilir?
Aşağıdakı segmentlər istifadəçi davranışlarını əmələ gətirən amillərdir.
- Videonun ortalama izlənmə faizi
- Video izlənmə sayı
- Like və Dislike sayı
- Şərh sayı və şərhlərin neqatif ya da pozitiv olması
- Həmin video sayəsində kanala gələn abunəçi sayı
Bu segmentlər istifadəçi davranışı hesab olunsa da, bir videonun tövsiyə oluna bilməsi üçün kifayət etmir. Videonun bir istifadəçiyə tövsiyə oluna bilməsi üçün algoritm, həmin istifadəçinin bütövlükdə internet davranışlarını, maraq dairəsini, demoqrafik bilgilərini və ən əsas da youtube üzərində ən çox nəyi axtrdığını analiz edir. Algoritm əldə etdiyi dataları bir araya cəmləyir və istifadəçiyə hansı video daha maraqlıdırsa onu göstərir.
Üç mağaza nümunəsində gördüyünüz kimi, sonda hansı mağazanın niyə daha yüksək və ya daha aşağı dəyərləndirmə xalı aldığı aydın şəkildə izah olundu. YouTube-da da eyni məntiq tətbiq edilir və bu dəyərləndirməni öz videolarınız üzərində real olaraq görmək mümkündür. Videonuzu kompüter üzərindən açıb izlədikdə, video səhifəsinin sağ hissəsində VidIQ aləti tərəfindən həmin video ilə bağlı təqdim olunan analitik məlumatlar görünür. Əgər bu məlumatları görmürsünüzsə, deməli VidIQ alətini hələ istifadə etmirsiniz. YouTube SEO mövzusuna həsr olunmuş dərslərdə VidIQ haqqında daha ətraflı danışacağam. Bu göstəricilər arasında videonun ümumi performansını əks etdirən dəyərləndirmə xalı da yer alır və bu xal, YouTube algoritminin videonuzu necə “qiymətləndirdiyini” anlamağa kömək edir.
Youtube algoritmi üçün əsas hədəf nədir?
Bu mərhələdə artıq başa düşməlisiniz ki, YouTube üçün əsas məsələ video yox, istifadəçi məmnuniyyətidir. Algoritm videonu “yaxşıdır” deyə yox, istifadəçi həmin videodan razı qaldığı üçün önə çıxarır. Yəni YouTube sizin nə demək istədiyinizə deyil, istifadəçinin videonu izləyərkən necə davrandığına baxır. Burada çox adamın yanıldığı bir məqam var: düşünürlər ki, yaxşı başlıq yazsam və klik alsam kifayətdir. Halbuki klik yalnız başlanğıcdır, əsas qərar klikdən sonra verilir. Əgər bir istifadəçi Youtube-a daxil olub:
- uzun müddət video izləyirsə
- bir videodan digərinə keçirsə
- Youtube-dan çıxmırsa
Algoritm bu vəziyyəti yüksək keyfiyyət kimi qiymətləndirir. Məhz buna görə də Youtube, istifadəçiləri platformada saxlayan kanalları və videoları daha çox önə çəkir. Məsələn Youtube algoritmi aşağıdakı xüsusiyyətlərə sahib videoları ön plana çıxarır:
- İzləyicini videonun sonuna qədər saxlayan videolar
- Bir videodan sonra başqa videonu izlətməyi bacaran kanallar
- İzləyicinin reaksiya verdiyi (like, şərh, paylaşım) videolar
- İzləyicinin kanala abunə olmasına səbəb olan videolar
Buradan çıxan əsas nəticə budur: YouTube-da uğur qazanmaq üçün algoritmi “aldatmağa” yox, istifadəçini razı salmağa fokuslanmaq lazımdır. Başlıq, açıqlama, etiketlər vacibdir, amma bunlar qapını açan faktorlardır. Mağazanın içində nə baş verdiyi isə hər şeyi həll edir. Yəni məzmununuz, anlatım tərziniz, videonun ritmi və verdiyi fayda daha önəmlidir. Növbəti dərslərdə artıq bu davranış amillərinin hər birini ayrıca necə optimallaşdırmaq lazım olduğunu, hansı səhvlərin videoları geri çəkdiyini və algoritmin sizi niyə “görmədiyini” real nümunələrlə izah edəcəyəm. Buraya qədər gəlib çatmısınızsa, artıq YouTube-a sadəcə video yükləyən yox, sistemi anlayan tərəfdəsiniz.


