Youtube və Google Adsense qazanc məntiqi

Müəllif
7 dəqiqə oxuma

Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 4

Diqqət: Bu dərsdəki məlumatlar əsasən Google Adsense qazanc məntiqini izah edir. Google Adsense, Youtube qazanclarının toplandığı və bütün qazancların bank hesablarına göndərildiyi platformadır. Şəxsi veb saytlar və Youtube üzərindən qazanılan qazanc məntiqi eyni olduğu üçün bu dərsi həm Youtube Pul Qazanma dərsinə həm də Google Adsense

YouTube-dan, veb saytlardan, mobil oyun və tətbiqlərdən pul qazanmağın mümkün olduğunu indi hamı bilir. Ancaq buralarda pulun necə qazanıldığını, gəlir modelinin necə formalaşdığını çox az adam bilir. YouTube niyə insanlara pul verir? Veb saytlardan necə pul qazanılır? Mobil oyun və tətbiqlərlə necə pul qazanılır? YouTube-dan necə pul qazanılır? Bu işin sirri nədir? Bu sualların cavabını bu dərsdə tapa biləcəksiniz. Pul qazanma məntiqini tam olaraq başa düşmək üçün YouTube-dan, veb saytlardan, mobil oyun və mobil tətbiqlərdən kənara çıxmaq lazımdır. Yəni hər şeyin başladığı o yerə, Google-a getmək lazımdır.

Google dünyanın ən öndə gedən nəhəng texnoloji şirkətlərindən biridir. Bir çox insan Google deyəndə sadəcə axtardıqlarını tapa biləcəkləri bir sayt olaraq düşünür. Ancaq bu belə deyil. Google bir axtarış sistemi olmaqla yanaşı həm də dijital marketinq sahəsində öndə gedən reklam platformalarından biridir. Bu gün Google-u ayaqda tutan iki əsas dayaq platforma var deyə bilərəm. Biri Google Ads digəri isə Google AdSense. İndi düşünə bilərsiniz ki, YouTube-dan pul qazanmaqla bu iki platformanın nə əlaqəsi var? Ancaq oxumağa davam etsəniz görərsiniz ki, YouTube-dan gələn qazancın qaynağı elə bu iki platformadır. Gəlin hər iki platformanı incələyək.

Az öncə dediyim kimi Google dijital marketinq sahəsində öz sözünü demiş nəhəng reklam platformasıdır. Bu platformada biznes sahibləri öz bizneslərini reklam edərək satdıqları məhsulu ya xidməti insanlara tanıdırlar və beləliklə öz satışlarını artıra bilirlər. Məsələn, fərz edək ki, sizin bir velosiped mağazanız var. Siz daha çox satış edə bilmək üçün reklam etmək qərarına gəlirsiniz. Daha sonra Google Ads platformasına daxil olub orada məhsulunuzun reklamını yerləşdirirsiniz. Fərz edək ki, siz 100$ reklam üçün büdcə ayırmısınız. Google sizə deyir ki, mən bu 100$ sizdən alıram və əvəzində sizin reklamı 10 min nəfərə göstərirəm. Artıq bu 10 min nəfərdən kimlər sizdən məhsul alacaqsa ona Google təminat vermir. Google sadəcə reklamı göstərməyə söz verir. Daha çox satış etmək üçün Google Ads-də daha dərin işlər görmək lazımdır ki, onun üçün ayrıca bir kurs almaq lazımdır. Google sizdən 100$ aldıqdan sonra mütləq şəkildə sizin reklamı 10 min nəfərə göstərməlidir. Artıq burada Google Ads-in işi bitir və iş ötürülür Google AdSense platformasına.

Google AdSense nədir? Nə üçün lazımdır?

Google Ads reklam sifarişini aldıqdan sonra işi Google AdSense-ə ötürür. Google AdSense alınan bu sifarişi yayımlamaq işini təmin edir. Yəni siz reklamı Google Ads platformasında hazırlayırsınız, Google AdSense isə bu reklamı yayımlayır. Google AdSense-in işi təkcə reklam yayımlamaq deyil. Həm də reklamlarınızın saxta yolla kliklənməsini və görüntülənməsini də əngəlləyir. Bundan başqa həmin reklamların haralarda görünəcəyinə və bu reklamlar sayəsində kimlərin nə qədər qazanacağına da nəzarət edir. Və beləliklə siz daha şəffaf reklam statistikası əldə edirsiniz. Bəs Google AdSense bu reklamları haralarda yayımlayır? Google AdSense bu reklamları həm Google-a məxsus platformalarda, yəni:

  • Google axtarışlarında,
  • YouTube axtarışlarında,
  • Play Market axtarışlarında,
  • Gmail ana səhifəsində,
  • Google News ana səhifəsində,

Həm də Google iş ortaqlarına məxsus məcralarda yayımlayır. Bəs bu Google iş ortaqları kimlərdir? Google ilə əməkdaşlıq edib Google-dan pul qazanan hər kəs Google iş ortağı sayılır. Yəni əgər sizin

  • Bir YouTube kanalınız varsa,
  • Bir veb saytınız varsa,
  • Bir mobil oyun və ya mobil tətbiqiniz varsa

və bu saydıqlarımdan hər hansısa birində Google reklam göstərirsə, siz Google iş ortağısınız deməkdir. Yuxarıda qeyd etdiyim məcralardan pul qazanmaq mümkündür. Ancaq hər biri üçün ayrı-ayrılıqda qaydalar təyin olunmuşdur. Əgər sizin bir YouTube kanalınız, veb saytınız, mobil oyununuz və ya mobil tətbiqiniz varsa, Google buralarda özbaşına reklam göstərən deyil. Bunun üçün siz Google-a müraciət etməlisiniz. YouTube və veb saytlar vasitəsi ilə pul qazanmaq üçün Google AdSense-ə, mobil oyun və ya mobil tətbiqlərdən pul qazanmaq üçün isə Google AdMob-a müraciət etməlisiniz. Google AdMob, Google AdSense-ə bağlı olan bir platformadır və mobil tətbiq və oyunlar üçün xüsusi olaraq hazırlanmışdır. Yəni məntiq eynidir, sadəcə istifadə olunan platforma fərqlidir. İstər YouTube, istər veb sayt, istərsə də mobil tətbiq olsun — pulun mənbəyi dəyişmir. Mənbə hər zaman reklamdır.

Youtube qazancları necə formalaşır?

YouTube-da sadəcə video paylaşmaq pul qazandırmır. Əsas dəyər istifadəçilərin diqqətidir. İnsanlar videonu izlədikcə reklamlar göstərilir və gəlir də məhz bu reklamlardan formalaşır. Video isə sadəcə diqqəti cəlb edən vasitədir. Buna görə də Google üçün videonun keyfiyyəti, mövzusu və qaydalara uyğunluğu çox vacibdir. Hər kanal avtomatik olaraq reklam tərəfdaşı olmur. Qaydalara zidd olan videolar, saxta baxışlar, saxta reklam kliklənmələri və ya təkrarlanan kontent varsa, Google həmin kanalda reklam göstərmir. Reklam yoxdursa, qazanc da yoxdur. YouTube Pul Qazanma Şərtləri məhz buna görə mövcuddur və sistemin əsasını təşkil edir.

Bir çox insan qazancı yalnız baxış sayı ilə ölçür, amma əslində qazanc reklamın dəyərindən asılıdır. Eyni baxış sayına malik iki kanal fərqli qazanc əldə edə bilər. Bunun səbəbi videonun mövzusu, auditoriyanın ölkəsi və reklam verənlərin büdcəsidir. Məsələn, biznes, maliyyə və texnologiya mövzuları daha yüksək gəlir gətirir. Qısaca desək, YouTube pul paylayan platforma deyil, reklam üçün trafik yaradan bir sistemdir. Google AdSense bu gəliri toplayır, siz isə kontent yaradıcısı  kimi Google-un reklam tərəfdaşı olursunuz. Bu məntiqi anladıqda YouTube-da pul qazanmağa təsadüf kimi yox, planlı və strateji iş kimi yanaşırsınız.

Bu dərsdə Youtube , Google Admob və Google AdSense-in pul qazandırma məntiqini öyrəndiniz. Əgər sizin üçün başa düşülməyən və qaranlıq qalan bir məqam varsa, şərh bölməsində qeyd edin

Bu məqaləni paylaş
Şərh edilməmiş