Ödənişsiz YouTube Pul Qazanma Kursu – Dərs 18
Diqqət: Youtube studio Azərbaycan dilində düzgün işləmədiyi üçün və sizlər üçün daha anlaşılan olması məqsədi ilə analitika bölmələrinin adını Türk dilində qeyd edirəm.
YouTube kanallarının böyüməsinin sirri təkcə mütəmadi video paylaşmaq deyil. Bu gün böyük auditoriyaya sahib olan bütün uğurlu YouTube kanalları həmin səviyyəyə xırda, amma davamlı dəyişikliklər edərək gəlib çıxıblar. Üstəlik, bu dəyişikliklər təsadüfi qərarlarla yox, videolarını və ümumi kanal göstəricilərini analiz edərək verilən düzgün qərarların nəticəsidir. Məhz buna görə YouTube Studio-dakı Analitika səhifəsi çox vacib rol oynayır. Buradakı statistik məlumatlar sayəsində kanalınızın real vəziyyətini görə, hansı məqamları inkişaf etdirməli olduğunuzu anlaya və düzgün addımlar ata bilərsiniz.
Əvvəlki dərsimizdə bir “YouTube videosunun analitikasını necə təhlil etməli” olduğunuzu ətraflı izah etmişdik. Əgər həmin dərsi oxumamısınızsa, mütləq nəzər yetirməyiniz tövsiyə olunur. Bu dərsdə isə YouTube kanalının ümumi analitikasını necə oxumaq və düzgün şərh etmək lazım olduğunu öyrənəcəksiniz. Bunun üçün ilk olaraq YouTube Studio-ya daxil olun və sağ tərəfdəki menyudan Analytics (Analitika) səhifəsinə keçin. Buradan kanalınızın ümumi performansını təhlil etməyə başlaya bilərsiniz.

Analitika səhifəsində 5 bölmə görəcəyik.
- Genel bakış
- İçerik
- Kitle

Bu bölmələrdən “Gəlir” hissəsi YouTube kanalınızdan əldə etdiyiniz təxmini qazancı göstərir. “Trendlər” bölməsi isə kanalınızın mövzusuna yaxın olan konseptləri, həmçinin izləyicilərinizin baxdığı digər videoları təqdim edərək sizə yeni video ideyaları tapmaqda kömək edir. Ancaq bizim əsas məqsədimiz kanalımızın ümumi analitikasını təhlil etməkdir. Buna görə də şəkildə gördüyünüz üç əsas bölməyə “Genel bakış, İçerik və Kitle” fokuslanacağıq. Gəlin bu bölmələrdə əsasən hansı göstəricilərə diqqət etməli olduğumuzu və əldə etdiyimiz məlumatlar əsasında kanalımızı necə inkişaf etdirə biləcəyimizi birlikdə öyrənək.
Youtube analitikasında Genel bakış
Bu bölmə kanalınızın ümumi vəziyyəti haqqında əsas məlumatları təqdim edir. Burada videolarınızın son 28 gün ərzində:
- ümumilikdə neçə dəfə izlənildiyini,
- neçə saat baxıldığını,
- neçə yeni abunəçi qazandığınızı,
- təxmini olaraq nə qədər gəlir əldə etdiyinizi görə bilərsiniz.
“Genel baxış” bölməsi həm kanalın ümumi analitikasında, həm də ayrı-ayrılıqda hər bir videonun analitikasında eyni əsas göstəriciləri təqdim edir. Lakin konkret bir videonun “Genel baxış” hissəsində təxmini gəliri analiz etməklə hansı mövzudakı videoların daha çox qazandırdığını müəyyən edə bilərsiniz. Bu məlumatlar sizə gələcəkdə video mövzularını daha strateji seçməyə kömək edir. Yəni, daha çox gəlir gətirən mövzuları müəyyən edib məhz həmin istiqamətdə videolar çəkə bilərsiniz.
Qeyd edək ki, YouTube Studio analitika bölməsinə daxil olduqda sistem avtomatik olaraq son 28 günü göstərir. Sağ yuxarı küncdə yerləşən tarix aralığı seçimindən istifadə edərək istədiyiniz dövr üzrə analitikanı görüntüləyə bilərsiniz.

Youtube analitikasında İçerik
“İçerik” bölməsində seçdiyiniz tarix aralığı üzrə ən populyar videolarınızı görə və hər bir video haqqında fərdiləşdirilmiş analitik məlumatlar əldə edə bilərsiniz. Əgər Youtube kanalınızda həm standart Youtube videoları həm də Youtube Horts videoları paylaşırsınızsa, bu video tiplərini həm hər ikisini eyni anda həm də ayrı ayrıqda təhlil edə bilərsiniz.

Məsələn, son 28 günün standart Youtube videolarınızın analitikasını təhlil etdiyinizi düşünək. Bu zaman.
- hansı videonuzun nə qədər baxış aldığını,
- həmin tarix aralığında ən çox izlənən videonuzu,
- videoların orta izlənmə müddətini,
- neçə dəfə göstərildiyini (impressions),
- neçə dəfə klikləndiyini (CTR) görə bilərsiniz.

Bundan əlavə, izləyicilərinizin sizi haradan kəşf etdiyini də bu bölmədə aydın şəkildə görmək mümkündür. Yəni insanlar videonuzu:
- YouTube ana səhifəsindənmi,
- sosial mediada paylaşdığınız linklər vasitəsiləmi,
- yoxsa tövsiyə olunan videolar arasındanmı tapıb izləməyə qərar verdiyini analiz edə bilərsiniz.

Bu məlumatlar sizə hansı mənbələrin daha effektiv işlədiyini anlamağa kömək edir və kontentinizi harada paylaşmalı olduğunuzu daha düzgün planlamağa imkan yaradır. Yuxarıdakı şəkildə bir kanalın izləyicilərinin həmin kanalın videolarını necə kəşf etdiyini görə bilərsiniz.
Burada sənə vacib bir uğur ipucu verim. Uğurlu olan və ya uğura doğru irəliləyən kanalların izləyicilərinin böyük hissəsi “Tövsiyə olunan videolar” bölməsindən gəlir. Bu isə YouTube platformasının videolarınızı digər istifadəçilərə aktiv şəkildə tövsiyə etdiyini göstərir. Məhz bu mexanizm kanalın böyüməsində ən güclü faktorlardan biridir. Növbəti yerlərdə adətən YouTube ana səhifəsi və YouTube axtarışları dayanır. Əgər analitika bölməsində ilk üç sırada:
- “Tövsiyə olunan videolar”,
- “YouTube axtarışları”,
- “YouTube ana səhifəsi”
mənbələrini görürsünüzsə, bu, kanalınızda apardığınız işlərin doğru istiqamətdə getdiyini göstərir.
Youtube analitikasında Kitle
Kütlə (Audience) bölməsi izləyiciləriniz haqqında ətraflı statistik məlumatlar təqdim edir. Bu bölmədə auditoriyanızın hansı ölkə və ya regionlardan olduğu, yaş aralığı, cinsiyyəti (qadın və ya kişi) kimi demoqrafik göstəriciləri görə bilərsiniz. Bu məlumatlar izləyicilərinizin kimlər olduğunu daha yaxşı anlamağa və videolarınızı onların maraqlarına uyğun şəkildə planlaşdırmağa kömək edir.

Bundan əlavə, videolarınızı izləyənlərin neçə faizinin kanalınıza abunə olduğu, neçə faizinin isə abunə olmadan baxdığı da göstərilir. Bu göstəricilər, kanalın böyüməsi üçün hansı addımların atılmalı olduğunu müəyyənləşdirməyə imkan verir. Məsələn, videolarda abunə olmağa çağırışları (call to action) daha təsirli şəkildə vurğulamaq olar.

Digər vacib funksiya isə izləyicilərinizin YouTube üzərində ən aktiv olduqları vaxtları göstərməsidir. Bu məlumatlara əsaslanaraq videoları və ya canlı yayımları auditoriyanızın ən aktiv olduğu zamanlarda paylaşmaq, baxış sayını və kanalınıza olan marağı artırmağa kömək edər.

Son olaraq qeyd etmək istərdim ki, kanalınızın analitikasını mütəmadi izləmək və təhlil etmək inkişaf üçün vacibdir. Ancaq unutmayın: analitikaya həddindən artıq fokuslanmaq avtomatik olaraq böyük nəticələr verəcək demək deyil. Rəqəmlər sizə istiqamət göstərir, amma uğuru gətirən əsas amil videonun özüdür. Ən önəmli faktor videolarınızın izləyicilərdə maraq və həyəcan oyatması, baxmağa dəyər olmasıdır. Yəni uğurun əsas sirri videoların keyfiyyəti və cəlbediciliyində gizlənir. Analitika bu prosesi daha da təkmilləşdirməyə kömək edən bir alətdir.


